Martın 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Rəhbər Komitənin 17-ci iclası baş tutub. İclasda universitetin strateji inkişafı, akademik və elmi fəaliyyətinin mövcud vəziyyəti, həmçinin qarşıdakı illər üçün planlar müzakirə edilib.
İclasın həmsədrləri qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov və Strasburq Universitetinin (Unistra) prezidenti Frederik Berrod çıxış ediblər.
İştirakçılar arasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Fransanın Azərbaycandakı səfiri, xanım Sofi Laqut, Stasburq Universitetinin (UNISTRA) vitse-prezidenti və UFAZ koordinatoru Jan-Mark Planeks, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, universitetin baş katibi Martin Qodon, Fransanın Ali Təhsil, Tədqiqat və Kosmik İşlər Nazirliyinin nümayəndəsi Marion Lindenlaub (onlayn formatda), Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Şarl Denier, UFAZ Tədqiqat Şurasının həmsədri Dünya Babanlı, Akademik Şuranın həmsədri Nigar Adilova, UFAZ Tədris şöbəsinin müdiri Səmra Şiriyeva və Elm və Təhsil Nazirliyinin şöbə müdiri Nailə Ömərova yer alıblar.
Strateji İnkişaf və 10 İllik Yubiley İclasda UFAZ-ın 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edən təhsil proqramlarının formalaşması yüksək qiymətləndirilib. Yubiley münasibətilə planlaşdırılan tədbirlər, universitetin yeni loqosu və strateji kommunikasiya istiqamətləri təqdim olunub.
Akademik və Elmi Əməkdaşlıq Gündəliyin əsas mövzularından biri akademik və elmi inkişaf məsələləri olub. Xüsusilə aşağıdakı istiqamətlər diqqət mərkəzində saxlanılıb:
"Cotutelle" (İkili rəhbərlik) proqramı: 2026-2027-ci illər üçün doktorantura səviyyəsində birgə müdafiələrin təşkili.
Fransa Universitetləri Konsorsiumu: Strasburq Universitetinin digər fransız ali təhsil müəssisələri ilə əməkdaşlıq platformasının genişləndirilməsi.
"Tenure-track" modeli: Yeni nəsil müəllim-tədqiqatçıların yetişdirilməsi və postdoktorantura proqramlarının tətbiqi.
İnfrastrukturun Genişləndirilməsi UFAZ-ın tədris və laboratoriya imkanlarının artırılması çərçivəsində ADNSU-nun dördüncü binasında planlaşdırılan yeni layihə və analitik laboratoriyaların yaradılması barədə ətraflı məlumat verilib.
İclasın sonunda təklif olunan strateji qərarlar üzrə səsvermə keçirilib. Həmsədrlər UFAZ-ın gələcək inkişafı üçün Azərbaycan və Fransa arasında akademik tərəfdaşlığın davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.