Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rektor Rüfət Əzizovun sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib.
Elmi Şuranın iclasında universitetin tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunan “IT SkillSprint layihəsi” çərçivəsində təşkil edilən təlimlərin tədris prosesinə inteqrasiyası və tələbələrin nəticələrinin fənlər (fənnlərə müvafiq) üzrə kredit kimi tanınmasının nəzərə alınması barədə məlumat verib. Məsələ müzakirə olunaraq təsdiq edilib. Eyni zamanda, ADNSU tələbələrinin əldə etdikləri təqaüdlər barədə də məlumat təqdim olunub.
İclasın gündəliyinə uyğun olaraq universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub. Məsələ ilə bağlı Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova təqdimatla çıxış edərək görülmüş işlər, mövcud əməkdaşlıqlar, çatışmazlıqlar və perspektiv istiqamətlər barədə məlumat verib.
İclasda həmçinin universitetin Strategiya və inkişaf şöbəsinin əsasnaməsinin təsdiqlənməsi məsələsinə baxılıb. Bu məsələ ilə bağlı şöbə müdiri Nərminə Həsənova çıxış edib. Gündəliyin digər məsələsi Rəqəmsal Energetika Mərkəzinin əsasnaməsinin müzakirəsi olub. Mərkəzin rəhbəri Elman Əlixanov bu barədə məlumat verib.
Müzakirələr zamanı gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirib, qəbul edilən qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.