×

Xəbərlər

Xəbərlər 19 Mar 2026
ADNSU nümayəndələri Cəlilabadda keçirilən Aqrar Biznes Festivalı çərçivəsində “Bootcamp” proqramında iştirak ediblər

Cəlilabad rayonunda təşkil olunan Aqrar Biznes Festivalı çərçivəsində keçirilən “Bootcamp” proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri də iştirak ediblər. Proqram kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların təşviqi və gənclərin aqrar sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

Belə ki, ADNSU-nun Startup və Texnologiyaların Transferi Ofisinin (TTO) əməkdaşı Qədim Qədimov və İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin tələbəsi Rəsul Paşayev (“Green Ozon” komandası) proqram çərçivəsində aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar və texnoloji həllərlə tanış olublar.

“Bootcamp” proqramı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

Proqram zamanı iştirakçılar kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların qarşılaşdıqları çətinlikləri dinləyib, mövcud problemlər ətrafında müzakirələr aparıblar. Eyni zamanda, aqrar sahədə innovativ həllərin tətbiqi imkanları və bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçılar “Rug Fruit” MMC, “AgroDairy” MMC və çiyələk təsərrüfatlarına səfər edərək aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və istehsal prosesləri ilə yerində tanış olublar.

Proqram iştirakçıları aqrar sahədə innovativ həllərin tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə yeni ideyalar və layihələr üzərində işləməyi planlaşdırdıqlarını bildiriblər.


Paylaş