Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün çörək zavodunda səyyar mühazirə dərsi təşkil edilib.
Dərslər “Qida mühəndisliyində qidalanma və sağlamlıq” və “Qida məhsullarının soyudulma texnologiyası” fənlərinin sillabusuna uyğun olaraq həyata keçirilib. Tədbir çərçivəsində tələbələrə qida məhsullarının istehsalında sağlamlıq amilləri, qida təhlükəsizliyi, düzgün saxlanma şəraiti və soyudulma proseslərinin elmi-praktik əsasları barədə ətraflı nəzəri məlumat verilib.
Praktiki hissədə isə tələbələr zavodun istehsal sahələri ilə yaxından tanış olub, çörək istehsalının əsas mərhələlərini - xammalın qəbulu, emalı, bişirmə və soyudulma proseslərini yerində müşahidə ediblər. Onlara müasir texnoloji avadanlıqların iş prinsipi, sanitariya-gigiyena qaydaları və keyfiyyətə nəzarət mexanizmləri barədə də ətraflı məlumat təqdim olunub.
Təşkil olunan səyyar dərs tələbələrin nəzəri biliklərinin istehsalat mühiti ilə inteqrasiyasına, praktiki bacarıqlarının inkişafına və gələcək peşə fəaliyyətlərinə hazırlıqlarının gücləndirilməsinə mühüm töhfə verib.