Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” üzrə müəllimi və Strasburq Universiteti (UNISTRA) ADNSU arasındakı “Cotutelle” ikili doktorantura proqramının doktorantı Leyla Əliyeva növbəti beynəlxalq elmi uğura imza atıb. Onun həmmüəllifi olduğu “Kapilyar əsaslı mikrofluidik prosesdən istifadə etməklə sol-gel metodu ilə sintez olunmuş təmiz monofazalı hidroksiapatit nanohissəciklərinin xüsusi səth sahəsinin tənzimlənməsi” adlı tədqiqat işi “Elsevier” nəşriyyatının Q1 kateqoriyalı jurnallarından sayılan nüfuzlu “Powder Technology” nəşrində işıq üzü görüb. Tədqiqatın əsasını müasir regenerativ təbabətin və implantologiyanın sütunlarından biri olan hidroksiapatit (HAp) nanohissəciklərinin innovativ metodlarla sintezi təşkil edir. İnsan sümüyünün mineral tərkibinə yaxın olan bu materialın bioloji aktivliyini artırmaq üçün onun xüsusi səth sahəsinin (SSA) dəqiq tənzimlənməsi nanomateriallar sahəsində əsas çətinliklərdən biri hesab olunur. Leyla Əliyeva və tədqiqat komandası bu problemin həlli üçün ənənəvi sintez üsullarından fərqli olaraq, kapilyar əsaslı mikrofluidik proseslə sol-gel metodunun effektivliyini artırıblar. Məqalədə əksini tapan əsas yenilik ondan ibarətdir ki, mikrofluidik sistem sayəsində reaktivlərin qarışma sürəti və axın parametrləri mikrosəviyyədə idarə olunur. Bu yanaşma nanohissəciklərin həm yüksək təmizlikli monofazalı strukturunu qoruyub saxlamağa, həm də onların səth sahəsini ehtiyaca uyğun olaraq dəyişməyə imkan verir.
Belə bir nailiyyət bədən daxilində sümük bərpası üçün nəzərdə tutulan skaffoldu və dərman daşıyıcı sistemlərin səmərəliliyini köklü şəkildə artırmaq potensialına malikdir. Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.sciencedirect.com/science/article/pii/S0032591026002482?via=ihub -----