1918-ci il azərbaycanlılara qarşı soyqırımların 108-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti və kollektivi universitetin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə Quba “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib.
Ziyarət çərçivəsində ADNSU kollektivi kompleksdə nümayiş olunan tarixi faktlar və materiallarla tanış olub, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında ətraflı məlumat əldə ediblər.
Daha sonra memorial kompleksdə 31 mart soyqırımı ilə bağlı seminar keçirilib. Seminarda həmin dövrdə baş verən hadisələrin mahiyyəti, səbəbləri və nəticələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, bu faciənin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Seminarda çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayaraq, belə ziyarətlərin gənclərin və cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynadığını bildirib.
İştirakçılar soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri aparılarkən aşkarlanıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Memorial kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə yaradılıb.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb.