Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət ADNSU Cyber Club-un "AZİİ TEAM" komandası Özbəkistanın Daşkənd şəhərində yerləşən Central Asia University (CAU) tərəfindən təşkil olunan beynəlxalq CTF (Capture The Flag) yarışında iştirak edərək həm universitetimizi, həm də ölkəmizi layiqincə təmsil etmişdir.
Komandanın tərkibində Coşqun Abdullayev, Rahim Nurəliyev, Yusif Kazımlı və Ömər Əlixanov yer almışdır. Yarış ərzində yüksək performans nümayiş etdirən "AZİİ TEAM" uzun müddət iştirakçılar arasında Top 3-lükdə qərarlaşmış, ümumi sıralamada isə güclü nəticə əldə etmişdir.
Komandamız müxtəlif kateqoriyalar üzrə təqdim olunan mürəkkəb tapşırıqları uğurla həll edərək kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmişdir. Bu nəticə tələbələrimizin peşəkar hazırlığının, ADNSU-da formalaşdırılan güclü akademik mühitin və Cyber Club-un fəaliyyətinin bariz göstəricisidir.