×

Xəbərlər

Xəbərlər 02 Apr 2026
ADNSU-da “Davamlı şəhər həlləri” hakatonuna qeydiyyat başlayıb

“Davamlı şəhər həlləri” mövzusunda keçiriləcək hakatona qeydiyyat başlayıb. Hakaton İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Hakonda iştirak etmək istəyənlər qeydiyyat zamanı bir sıra tələbləri nəzərə almalıdırlar. Belə ki, hər bir komanda üzvü fərdi qaydada qeydiyyatdan keçməli, komanda adı bütün üzvlər tərəfindən eyni formada göstərilməli, həmçinin layihənin kateqoriyası və əsas “challenge” istiqaməti düzgün seçilməlidir. Formu dolduran şəxslər eyni zamanda hakaton qaydalarını qəbul etdiklərini və təqdim etdikləri məlumatların təşkilatçılar tərəfindən istifadə olunmasına razılıq verdiklərini təsdiqləyirlər.

Hakaton 2 gün davam edəcək. Bu müddət ərzində iştirakçılar müxtəlif sahələr üzrə mentorların dəstəyindən yararlanaraq layihələrini inkişaf etdirəcək və onları prototip və ya MVP mərhələsinə çatdırmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, hakatonda ADNSU və UFAZ tələbələrindən ibarət komandaların aktual çağırışlara innovativ həllər təqdim etməsi, xüsusilə süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə etməklə ideyaların praktik nəticələrə çevrilməsi gözlənilir.

Sonda iştirakçılar layihələrini “Pitch Day” çərçivəsində münsiflər heyətinə təqdim edəcəklər. Qaliblərə isə 2500 AZN, 1500 AZN və 1000 AZN məbləğində pul mükafatları veriləcək.


Paylaş