Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, qazilər, Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların ailə üzvləri və tələbələr iştirak ediblər.
Əvvəlcə universitetin ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə giriş nitqi ilə çıxış edən ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, 2016-cı ilin aprelində baş vermiş döyüşlər xalqımızın mübarizə əzmini, ordumuzun yüksək peşəkarlığını və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirib.
Qeyd olunub ki, qısa müddət ərzində əldə edilən hərbi uğurlar Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha təsdiqləyib, mühüm strateji yüksəkliklərin azad olunması ilə nəticələnib. Eyni zamanda, bu döyüşlər 2020-ci ildə əldə olunan tarixi Zəfərə aparan yolun əsas mərhələlərindən biri kimi dəyərləndirilib.
Tədbirdə çıxış edən Aprel şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun həyat yoldaşı Badam İmanova şəhidlərin şərəfli döyüş yolundan söz açıb, Azərbaycan Ordusunun gücündən və yenilməz ruhundan danışıb. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Digər çıxış edənlər: polkovnik Əzizağa Qənizadə və ADNSU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Könül Abdullayeva ərazi bütövlüyümüzün təmin olunmasında qəhrəman oğullarımızın misilsiz şücaətindən, ordu-xalq birliyinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, şəhidlərimizin qanı yerdə qalmayıb, bu gün suveren Azərbaycanın hər bir guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır.
Tədbir çərçivəsində Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Anım tədbiri panel müzakirələrlə davam edib. Paneldə Vətən müharibəsi iştirakçıları, eyni zamanda ADNSU ailəsinin üzvləri olan qazilər: İbrahimli Elşad, Kərimov Səbuhi, Sadıxzadə Orxan, Piriyev Azər və Məmmədli Çingiz çıxış edərək döyüş xatirələrini bölüşüb, gənclərə vətənpərvərlik ruhunda tövsiyələr veriblər.
Sonda vurğulanıb ki, Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin şərəfli səhifələrindən biridir. Bu tarixi yazan şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, qazilərimizin şücaəti isə hər zaman yüksək qiymətləndirilir.