Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Geologiya həftəsi çərçivəsində geologiya elminin əhəmiyyəti və geoloq peşəsinin dünyamızın formalaşmasındakı rolu barədə maarifləndirmə missiyasını uğurla davam etdirir.
Bu təşəbbüs çərçivəsində "Ətraf mühit toksikologiyası"na həsr olunmuş layihə həyata keçirilib. Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) təmsilçiləri 5 orta məktəbdə olub, 100-ə yaxın şagirdlə görüşərək onlara geologiya ixtisası və geoloq peşəsi haqqında ətraflı məlumat veriblər.
Görüşlər zamanı şagirdlərə Neft və qaz sənayesində geologiya və geofizikanın əhəmiyyəti, bu sahə üzrə karyera imkanları, həmçinin təbii resursların davamlı inkişafında geoloqların rolu və ADNSU-da mövcud olan akademik və elmi-tədqiqat imkanları barədə məlumat verilib.
İnteraktiv formatda keçən sessiyalar məktəblilərə geologiya və geofizika elmlərinin müasir sənaye və elmdəki təsirini daha yaxından anlamağa şərait yaradıb.
Layihənin yekunu olaraq, sözügedən 5 məktəbdən seçilmiş komandalar Geoloji kəşfiyyat fakültəsinin 90 illik yubileyinə və "Geoloq Günü"nə həsr olunmuş universitetdaxili final mərhələsində yarışmaq üçün dəvət alıblar.