Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “DEEP TECH” İnkubasiya proqramı çərçivəsində mentorlarla offline tanışlıq görüşü təşkil olunub. Tədbir zamanı startap komandaları öz layihələrinin inkişaf mərhələsini təqdim edərək mentorlarla birbaşa ünsiyyət imkanı əldə ediblər.
Mentorlar layihələri dinləyərək iştirakçılara qısa rəy verib, praktik məsləhətlər və tövsiyələr təqdim ediblər. Hər komanda layihəsinin ümumi təqdimatını edib, mentorlarla müzakirələr aparıb, layihələrlə bağlı qeydlər götürüb və inkişaf üçün təkliflər alıb. Görüş iştirakçılara mentor dəstəyi və təcrübə paylaşımı baxımından faydalı olub.
Görüşdə ümumilikdə 15 komanda iştirak edib. Seçilmiş komandalar ADNSU ilə yanaşı ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Middle East Technical University, Milli Aviasiya Akademiyası, Obuda University və Xəzər Universiteti kimi yerli və beynəlxalq ali təhsil müəssisələrini təmsil ediblər.
Belə tədbirlər “DEEP TECH” İnkubasiya proqramı iştirakçılarının innovativ bacarıqlarının inkişafında, layihələrin təkmilləşdirilməsində və kommersiyalaşdırılmağa hazırlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır.