Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qeyri-səlis implikasiyanın genişləndirilməsi və onun tətbiqi” mövzusunda elmi seminar keçiriləcək. Seminar universitetin Kompüter mühəndisliyi kafedrasının professoru, texnika elmləri doktoru Lətafət Qardaşova tərəfindən təqdim olunacaq.
Seminarın əsas mövzusu qeyri-müəyyən və qeyri-dəqiq məlumatların emalı və qərar qəbuletmə proseslərində istifadə olunan qeyri-səlis məntiq (fuzzy logic) metodlarının inkişafına həsr olunub. Müasir informasiya sistemlərində qərarların qəbul edilməsi çox vaxt qeyri-dəqiq, qeyri-müəyyən və qismən etibarlı məlumatlara əsaslanır. Ənənəvi məntiq sistemləri isə yalnız “doğru” və ya “yanlış” kimi ikili qiymətlər üzərində qurulduğundan bu cür mürəkkəb məlumatların modelləşdirilməsi üçün kifayət etmir.
Seminar çərçivəsində qeyri-səlis məntiq və ehtimal yanaşmalarının imkanları, onların məhdudiyyətləri və bu sahədə yeni yanaşma kimi Z-ədədlər və Z-qeyri-səlis münasibətlər konsepsiyası müzakirə olunacaq. Bu yanaşma məlumatın həm qeyri-dəqiqliyini, həm də etibarlılıq səviyyəsini eyni riyazi model daxilində ifadə etməyə imkan verir. Təqdimat zamanı qeyri-səlis implikasiyanın genişləndirilməsi, Z-implikasiya modelləri və Z-qaydalara əsaslanan təxmini nəticə çıxarma metodları haqqında ətraflı məlumat veriləcək. Həmçinin bu metodların qərar qəbuletmə sistemləri, məlumat analizi, tibb, idarəetmə və intellektual idarəetmə sistemlərində tətbiq imkanları müzakirə ediləcək. Seminarın əsas məqsədi qeyri-müəyyən məlumatlarla işləyən intellektual sistemlər üçün yeni riyazi modellərin təqdim edilməsi və bu sahədə aparılan müasir elmi tədqiqat istiqamətlərinin iştirakçılara çatdırılmasıdır.
Qeyd edək ki, professor Lətafət Qardaşova Azərbaycanın tanınmış alimlərindən biridir. O, texnika elmləri doktoru, professor və Azərbaycan Respublikasının Əməkdar elm xadimidir. Onun elmi fəaliyyəti intellektual idarəetmə sistemləri, qeyri-səlis məntiq və qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə metodlarının tədqiqinə həsr olunmuşdur. Professor Lətafət Qardaşova 3 monoqrafiyanın, 200-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Seminar informatika, data elmi, süni intellekt və qərar qəbuletmə sistemləri sahəsinə maraq göstərən tələbələr, eləcə də akademik heyət üçün nəzərdə tutulub.