Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatı (TGT) və Məzunlarla İş və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Career Plus – Tələbə və Gənc Məzunların İnkişaf Proqramı çərçivəsində infosessiya keçirilib.
Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilir. Tədbirin açılışında çıxış edən Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov tələbə və məzunların karyera inkişafına yönəlmiş bu cür proqramların əhəmiyyətindən bəhs edərək iştirakçıları təqdim olunan imkanlardan aktiv şəkildə yararlanmağa dəvət edib.
Daha sonra çıxış edən ADNSU TGT sədri İntiqam Quliyev gənclərin şəxsi və peşəkar inkişafına töhfə verən layihələrin universitet mühitində xüsusi önəm daşıdığını vurğulayaraq bu kimi təşəbbüslərin tələbələrin gələcək karyera yolunda mühüm rol oynadığını bildirib.
Ardınca proqramın rəhbəri Nicat Əliyev iştirakçılara proqramın məqsədi, seçim mərhələləri, təqdim etdiyi imkanlar və gənclər üçün yaratdığı inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
İnfosessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, proqramda iştirak qaydaları izah olunub və gənclərin karyera inkişafına dəstək göstərən bu kimi təşəbbüslərin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.