Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Digital Journey: IT Basics to DevSecOps” mövzusunda seminar keçirilib.
ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə seminarda Azərbaycan Beynəlxalq Bankının baş tətbiq təhlükəsizliyi üzrə mütəxəssisi və ID TECH Academy-nin DevSecOps təlimçisi İbrahim Cəbrayılov, ID TECH Academy-nin icraçı direktoru və “Avicom” MMC-nin direktor müavini Elşən Fərzəliyev mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Onlar öz zəngin təcrübələrini tələbələrlə bölüşüblər.
IT sahəsinə yeni başlayanlar üçün təşkil olunan seminarda iştirakçılara informasiya texnologiyaları sahəsinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən mütəxəssislər IT sahəsinə ümumi baxış təqdim edərək DevSecOps, IT Biznes Analitikası, IT Foundation və digər istiqamətlər arasındakı fərqləri iştirakçıların diqqətinə çatdırıblar. Eyni zamanda, tələbələrə hansı sahənin onlara daha uyğun olduğunu müəyyənləşdirmək üsulları izah edilib.
Seminar zamanı DevOps və DevSecOps anlayışları geniş şəkildə şərh olunub, bu istiqamətlərin real iş mühitində rolu və əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, IT sahəsində karyeraya başlamaq üçün tələb olunan əsas biliklər və praktiki tövsiyələr iştirakçılarla bölüşülüb, sonda isə sual-cavab sessiyası təşkil olunub.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.