Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qazaxıstanın Almatı şəhərində yerləşən Satbayev Universitetində təhsil alan tələbələri ilə görüş keçirib.
Görüşdə Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da iştirak edib. Qazaxıstan tərəfdən isə Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov və Satbayev Universitetinin rektoru Meiram Begentayev görüşə qatılıblar.
Görüş zamanı bildirilib ki, ADNSU-nun 29 tələbəsi akademik mobillik proqramı çərçivəsində bir semestr ərzində Satbayev Universitetində təhsil alır. Nazir tələbələri təbrik edərək onların beynəlxalq təhsil mühitində qazandıqları bilik və təcrübənin əhəmiyyətini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səmimi şəraitdə keçən görüşdə tələbələrin təhsil prosesi ilə maraqlanılıb, onların sual və təklifləri dinlənilib.
Səfər çərçivəsində nümayəndə heyəti Satbayev Universitetinin tədris infrastrukturu, laboratoriyaları və təhsil mühiti ilə də yaxından tanış olub.