Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” ixtisası üzrə magistratura məzunu və hazırda ADNSU SABAH Mərkəzində “Neft və qaz geologiyası” proqramının rəhbəri olan Rəşad Abbasovun həmmüəllifi olduğu yeni elmi məqalə yüksək impakt faktorlu, Q1 reytinqli “Hydrogeology Journal” nəşrində dərc edilib.
“Çoxsaylı qeyri-müəyyənlik mənbələri nəzərə alınmaqla dəniz suyunun intruziyasının modelləşdirilməsi: Küveyt şəhəri nümunəsində” adlı tədqiqat işində dəniz suyunun sahilboyu yeraltı sulara sızmasını proqnozlaşdıran modellərdə müxtəlif ehtimal olunan xəta payları təhlil edilir. Müəlliflər bu prosesə təsir edən ən kritik faktorları üzə çıxaran və qabaqcıl analiz üsulları sayəsində daha sürətli nəticə verən praktik bir metod təklif edirlər.
Bu tədqiqatın əsas yeniliyi sahilyanı ərazilərdə qurulan hidrogeoloji modellərdəki qeyri-müəyyənlikləri sistemli şəkildə idarə etmək üçün yeni bir metod təqdim etməsidir. Tədqiqatçılar həssaslıq analizi metodlarından istifadə edərək, yeraltı suların şoranlaşmasına təsir edən çoxsaylı amillər arasından ən vaciblərini seçə biliblər. Bu yanaşma ənənəvi modellərlə müqayisədə daha az vaxt və resurs tələb edir, nəticələri isə qərar qəbul edənlər üçün daha sadə, aydın və praktik şəkildə təqdim edir.
Küveyt şəhəri üzrə aparılan analizlər göstərir ki, dəniz suyunun yeraltı şirin su qatlarına sızması prosesi giriş parametrlərindəki hətta kiçik dəyişikliklərə qarşı çox həssasdır. Bu isə o deməkdir ki, iqlim dəyişikliyi və suyun intensiv istifadəsi şəraitində sahil bölgələrində dayanıqlı su idarəçiliyi üçün qeyri-müəyyənlik amili mütləq nəzərə alınmalıdır. Məqalədə təqdim olunan yanaşma yeraltı su ehtiyatlarının keyfiyyətinin qorunması və şoranlaşmanın qarşısının alınması üçün strateji planlaşdırmada vacib elmi əsas rolunu oynayır.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://link.springer.com/article/10.1007/s10040-026-03051-0