Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Akkreditasiya və Keyfiyyət Təminatı (AKT) şöbəsi universitetin Kimya-texnologiya fakültəsinin tələbələri ilə görüşüb.
Görüş zamanı universitetin ümumi inkişaf strategiyasında və keyfiyyət mədəniyyətinin formalaşmasında tələbələrin rolunun əhəmiyyəti qeyd olunub. Təhsilalanlara daha keyfiyyətli təhsil xidmətlərinin təmin edilməsi istiqamətində rəhbərlik tərəfindən atılan addımlar, o cümlədən daxili keyfiyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Bu xüsusda, sorğuların keçirilməsi, müsahibələrin təşkili, dərs izləmələri vasitəsilə aparılan müşahidələr, həmçinin “Təkliflər qutusu” və “Açıq qapı günləri” kimi şəffaf müraciət vasitələri təhsilalanların diqqətinə çatdırılıb.
Tədbirdə tələbələrin iştirakı ilə reallaşdırılan sorğuların nəticələri təqdim olunub, həmin göstəricilər əsasında universitet rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda tələbələrin müxtəlif məzmunlu sualları cavablandırılıb, onların tədris və idarəetmə prosesinə dair təklifləri dinlənilib.
Qeyd edək ki, görüşün əsas məqsədi şöbənin fəaliyyət istiqamətləri barədə təhsilalanları məlumatlandırmaq və aparılmış sorğuların nəticələrini onlarla müzakirə etmək olub.