Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH.HUB tərəfindən start verilən yeni rəqəmsal inkubasiya proqramı üzrə geniş tərkibli infosessiya təşkil olunub.
Tədbirdə çıxış edən SABAH.lab rəhbəri Rafiq Alverdiyev qeyd edib ki, proqramın məqsədi universitetlərdə innovasiya ekosistemini rəqəmsallaşdırmaq və tələbələrə zaman-məkan məhdudiyyəti olmadan sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır.
Daha sonra proqramın mütəxəssisi və vençur analitik Ayxan Məmmədov rəqəmsal inkubasiya mühitinin strukturu və təqdim etdiyi geniş imkanlar barədə danışıb. Ayxan Məmmədov vurğulayıb ki, bu proqram tələbələrin nizamlı özünütəhsil (self-learning) vərdişlərinə əsaslanan, ideyadan real biznes modelinə (MVP) keçidi təmin edən tam rəqəmsal platformadır. O bildirib ki, proqramın rəqəmsal modullarını uğurla tamamlayan iddialı tələbələr birbaşa SABAH.HUB-ın fiziki inkubasiya və investisiya mərhələlərinə "sürətli keçid" (Fast-Track) şansı qazanacaqlar.
Tədbirin interaktiv hissəsində proqram mütəxəssisi Bəşir Qasımov tələbələrin rəqəmsal platformaya müraciət qaydaları, proqramın texniki detalları və gələcək mərhələlər barədə suallarını cavablandırıb.