Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) layihələrin effektiv və dayanıqlı şəkildə həyata keçirilməsinə təsir edən əsas amillərə həsr olunmuş sessiya keçirilib. İştirakçılara layihə idarəetməsində ənənəvi olaraq qəbul edilən vaxt, xərc və əhatə dairəsi ilə yanaşı, uğurun daha geniş aspektləri, xüsusilə ətraf mühit və tənzimləyici məhdudiyyətlər kontekstində ətraflı məlumat verilib.
Mühazirə “Wintershall Dea GmbH” şirkətinin kommersiya üzrə məsləhətçisi Dr. Falk Ahnert tərəfindən təqdim olunub. O, sənayedə uzun illərə söykənən zəngin təcrübəsini iştirakçılarla bölüşüb. Sessiya çərçivəsində risklərin idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib. Risklərin müəyyən edilməsi, monitorinqi, idarəetmə strukturları və icra mexanizmləri real sənaye nümunələri əsasında izah olunub.
Təqdim olunan praktiki nümunələr iştirakçıların xüsusi marağına səbəb olub. Dənizdə yerləşən neft platforması üzrə təhlükəsizlik nümunəsində korroziya ilə bağlı risklər və mühəndis qərarlarının qəbulu məsələləri, Arktik bölgədə həyata keçirilən quruda yerləşən layihə üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (EIA) nümunəsi çərçivəsində isə torpaq və yeraltı sərvətlərdən istifadə, su ehtiyatlarının qorunması, emissiyalar, biomüxtəliflik, ətraf mühitin monitorinqi və rekultivasiya məsələlərinə toxunulub.
Mühazirə tədqiqatçılar, müəllimlər və tələbələr tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam etdirilib.