×

Xəbərlər

Xəbərlər 09 Apr 2026
ADNSU-da “İnnovativ düşüncə və startap ekosistemi” mövzusuna həsr olunmuş növbəti təlim keçirilib

Aprelin 9-da ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə növbəti təlim keçirilib.

Təlim ADNSU-nun Startap və Texnologiyaların Transferi Ofisinin aparıcı mütəxəssisi Adilə Həbibovanın təqdimatında “İnnovativ düşüncə və startap ekosistemi” mövzusuna həsr olunub. İki seans formatında təşkil edilən təlim interaktiv və praktiki sessiya əsaslı şəkildə keçirilib. Sessiyalar zamanı iştirakçılara innovativ düşüncə modelinin formalaşdırılması, startap ekosisteminin strukturu, ideyaların dəyərə çevrilmə mexanizmləri, bazar ehtiyaclarının təhlili və təşəbbüskarlıq yanaşmasının inkişaf etdirilməsi istiqamətində ətraflı məlumat verilib.

Təlimin interaktiv quruluşu iştirakçıların müzakirələrə cəlb olunmasına, real situasiyalar üzərində işləməsinə və praktik tapşırıqlar vasitəsilə biliklərini tətbiq etməsinə imkan yaradıb.

Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir. Layihə müddətində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə silsilə təlim görüşlərinin keçirilməsi nəzərdə tutulub. Təşəbbüs qadınların innovasiya və sahibkarlıq mühitində daha fəal mövqe tutmasına, onların liderlik və təşəbbüskarlıq potensialının gücləndirilməsinə xidmət edir.


Paylaş