×

Xəbərlər

Xəbərlər 09 Apr 2026
ADNSU-da “Metro Hackathon” layihəsi çərçivəsində infosessiya keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetida Bakı Metropoliteni QSC tərəfindən təşkil olunan “Metro Hackathon” layihəsi çərçivəsində infosessiya keçirilib.

Universitetin İnnovasiya Mərkəzində keçirilən tədbirdə tələbələrə layihənin əsas məqsədləri, texnoloji istiqamətləri və təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verilib. Infosessiya zamanı iştirakçılara süni intellekt, data analitika və nəqliyyat texnologiyaları sahəsində innovativ həllərin metro sistemində tətbiqi perspektivləri izah olunub.

Tədbirdə Bakı Metropoliteni QSC-nin İstedadların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Eldar Əlizadə çıxış edərək layihənin əhəmiyyəti və iştirakçılar üçün yaratdığı imkanlar barədə danışıb. Daha sonra Texnologiya Data və Analitika Departamentinin rəis müavini Vüsal Əlizadə layihənin texnoloji tərəfləri, istifadə olunacaq data imkanları və iştirakçıları gözləyən praktiki mərhələlər haqqında ətraflı məlumat verib.

Sessiyada qeyd olunub ki, layihənin əsas məqsədi metroda sərnişin axınının daha səmərəli idarə olunması, sıxlığın azaldılması və xidmət keyfiyyətinin artırılması üçün innovativ ideyaların formalaşdırılmasıdır. İştirakçılar həmçinin hackathon çərçivəsində təqdim olunacaq real məlumat bazası üzərində işləmək və praktik təcrübə qazanmaq imkanı əldə edəcəkləri barədə məlumatlandırılıblar.

Bundan əlavə, tələbələrə mentor dəstəyi, komanda işi və layihələrin gələcəkdə pilot olaraq tətbiq olunma imkanları haqqında da məlumat verilib. İnfosessiya tələbələrin böyük marağı ilə qarşılanıb və onların sualları ətraflı şəkildə cavablandırılıb.


Paylaş