×

Xəbərlər

Xəbərlər 10 Apr 2026
ADNSU-da “Gil mineralları üzvi molekulların qoruyucuları kimi: Yer torpaqlarından Mars çöküntülərinədək” mövzusunda elmi seminar keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gil mineralları üzvi molekulların qoruyucuları kimi: Yer torpaqlarından Mars çöküntülərinədək” mövzusunda elmi seminar təşkil olunub.

Seminarı ADNSU-nun Mineralogiya üzrə tədqiqatçı müəllimi, Yer Elmləri və Georesurslar Tədqiqat Qrupunun rəhbəri Dr. Elşən Abdullayev təqdim edib. Məruzədə Yer və Mars mühitlərində gil minerallarının rolu, onların üzvi molekulların qorunmasında əhəmiyyəti, eləcə də müxtəlif geokimyəvi şəraitdə mineralların dəyişmə prosesləri geniş şəkildə izah olunub.

Təqdimat zamanı xüsusilə smektit və slyuda qrupuna aid gil minerallarının bioloji aşınma nəticəsində keçirdiyi dəyişikliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu dəyişikliklər mineralların səth xüsusiyyətlərini modifikasiya edərək onların qida və üzvi maddələri saxlamaq qabiliyyətini artırır, bu isə torpaq münbitliyinin yüksəldilməsində mühüm rol oynayır.

Bununla yanaşı, Mars çöküntülərində mövcud olan sulfatla zəngin duzlu məhlullar ilə gil minerallarının qarşılıqlı təsiri və bu proseslərin mineralların strukturuna və sabitliyinə təsiri də müzakirə edilib. Bildirilib ki, bəzi hallarda bu qarşılıqlı təsirlər gil minerallarının üzvi molekulları adsorbsiya edərək qorumasına şərait yaradır, digər hallarda isə onların dəyişməsinə və dağılmasına səbəb ola bilir.

Seminarın əsas məqsədi mineral–maye qarşılıqlı təsirlərinin həm Yer, həm də Mars mühitlərindəki rolunu izah etmək, Marsda mümkün bioloji izlərin axtarışı istiqamətində elmi yanaşmaları təqdim etmək və bu sahədə müasir tədqiqat istiqamətlərini müzakirə etmək olub. Qeyd edilib ki, bu mövzular “ExoMars” kimi kosmik missiyaların elmi strategiyaları baxımından da xüsusi əhəmiyyət daşıyır.

Sonda bildirilib ki, Dr. Elşən Abdullayev mineralogiya sahəsində aparıcı tədqiqatçılardan biri kimi müxtəlif geoloji mühitlərdə mineralların dəyişmə proseslərini araşdırır. Onun elmi fəaliyyəti torpaqlarda mineralların bioloji aşınması, eləcə də Mars çöküntülərinə xas sulfatlı duzlu məhlullar ilə mineralların qarşılıqlı təsirinin öyrənilməsini əhatə edir.

Seminarda geologiya, yer elmləri, mineralogiya və planetar elmlər sahələrinə maraq göstərən bakalavr və magistr tələbələri, həmçinin akademik heyət və tədqiqatçılar iştirak edib. 


Paylaş