×

Xəbərlər

Xəbərlər 10 Apr 2026
UFAZ müəllimi Vyana Texniki Universitetinə tədqiqat səfəri edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Gülnaz Qəhrəmanova martın 23-26-da Avstriyanın nüfuzlu Vyana Texniki Universitetinə (TU Wien) elmi səfər həyata keçirib. Səfər çərçivəsində o, professor Bernhard C. Bayerin rəhbərlik etdiyi tədqiqat qrupunun qonağı kimi universitetin “2D+Materials” laboratoriyasındakı qabaqcıl elmi avadanlıqlar və iş prosesi ilə yaxından tanış olub. Görüşlər zamanı əsas diqqət ikiölçülü materiallar və onların hibridlərinin müasir texnologiyalarda tətbiqi mövzusuna ayrılıb. Gülnaz Qəhrəmanova həmçinin universitetdə seminarla çıxış edərək həm təmsil etdiyi UFAZ və ADNSU-nun elmi fəaliyyəti, həm də özünün InGaN kvant quyuları və çoxdivarlı karbon nanoboruları sahəsindəki araşdırmaları haqqında ətraflı məlumat verib. O, eyni zamanda ABŞ-nin A.J. Drexel Nanomateriallar İnstitutunda “MXene”lər üzərində apardığı tədqiqat təcrübəsini avstriyalı həmkarları ilə bölüşüb. Səfərin sonunda gələcək birgə elmi layihələrin və universitetlərarası əməkdaşlığın genişləndirilməsi barədə səmərəli müzakirələr aparılıb.


Paylaş