Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində keçirilən maarifləndirici görüşlər çərçivəsində Bakı şəhərində yerləşən 132–134 nömrəli məktəb-liseyin kollektivi və şagirdləri ilə görüşüblər.
Universitetlə şagirdlərin daha ətraflı tanışlığına həsr olunmuş görüşlər ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin təşkilatçılığı ilə həyata keçirilir. Görüş zamanı ADNSU haqqında tanıtım videosu nümayiş olunub. Daha sonra universitetin əməkdaşları ali təhsil müəssisəsinin tarixi, qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesi, ikili diplom proqramları və SABAH qrupları barədə şagirdlərə ətraflı məlumat veriblər. Bununla yanaşı, universitetin qoşulduğu beynəlxalq proqramlar və fakültələr haqqında geniş təqdimat edilib.
Görüşdə həmçinin ADNSU məzunlarının neft-qaz sənayesinin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına verdiyi töhfələrdən və bu gün də onlara olan yüksək tələbatdan bəhs olunub.
İnteraktiv formatda keçirilən görüş sual-cavab sessiyası ilə davam edib. Şagirdlərin ali təhsil ilə bağlı sualları universitetin əməkdaşları tərəfindən cavablandırılıb. Sonda aktiv iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub.