Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 9–10 aprel tarixlərində Qazaxıstanda keçirilən beynəlxalq “Mərkəzi Asiya Yaşıl Hidrogen Hakatonu”nda (Green Hydrogen Hackathon Central Asia) uğurla çıxış edərək birinci yerə layiq görülüblər.
Hakaton Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində təşkil olunub və regionun enerji gələcəyinə yönəlmiş innovativ həllərin hazırlanmasını hədəfləyib.
Çoxmərhələli və rəqabətli seçim prosesindən sonra ADNSU-nun beş tələbəsindən ibarət komanda qalib elan olunub. Qaliblər mükafat olaraq Qazaxıstandakı Almaniya Mərkəzinin dəstəyi ilə Almaniyaya səfər etmək imkanı qazanıblar.
Hakatonda Mərkəzi Asiya ölkələrini təmsil edən 50-dən çox komanda, ümumilikdə təxminən 250 iştirakçı yer alıb. İştirakçılar azkarbonlu enerji keçidi çərçivəsində yaşıl hidrogen texnologiyalarının tətbiqi üzrə innovativ layihələr üzərində çalışıblar.
İki gün davam edən tədbir zamanı komandalar hidrogenin istehsalı, saxlanılması və nəqliyyat infrastrukturuna inteqrasiyası, eləcə də sənaye sahələrinin dekarbonizasiyası istiqamətində praktiki həllər hazırlayıblar. Əsas məqsəd yaşıl hidrogen texnologiyalarının real enerji sistemlərinə tətbiqinə yönəlmiş səmərəli və rəqabətədavamlı layihələrin təqdim olunması olub.
Qeyd edək ki, layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti-nin qrant dəstəyi ilə “H2-diplo” (Dekarbonizasiya Diplomatiyası) təşəbbüsü çərçivəsində həyata keçirilib. Təşəbbüs yaşıl hidrogen vasitəsilə iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişafın təşviqi və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir.