×

Xəbərlər

Xəbərlər 13 Apr 2026
ADNSU tələbələri Qazaxıstanda keçirilən beynəlxalq konfransda 2-ci və 3-cü yerə layiq görülüblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Satbayev Universitetində təhsil alan tələbələrimiz Almatı şəhərində təşkil olunan “Neft, Qaz və Enerjinin Gələcəyi: Dekarbonizasiya Dövründə Texnoloji İnnovasiyalar, Rəqəmsal Həllər və Davamlı İnkişaf" adlı Beynəlxalq Gənclərin Elmi və Praktiki Konfransında uğurla iştirak edərək mühüm nailiyyətlər əldə ediblər. 

Qazax-Britaniya Texniki Universitetinin (KBTU) ev sahibliyi etdiyi konfransda tələbələri həm elmi bölmələrdə, həm də intellektual yarışlarda fərqləniblər. Belə ki, tələbəmiz Vüsal Babarabov konfransın "Davamlı inkişaf üçün funksional materiallar" bölməsi üzrə elmi məruzəsi ilə 2-ci yerə layiq görülüb. O, həmçinin konfrans çərçivəsində təşkil olunan İntellektual Oyunda da yüksək bacarıq nümayiş etdirərək 3-cü yeri tutub.

Digər tələbə Aydan Əliyeva isə İntellektual Oyunda uğurlu çıxış edərək 2-ci yerin qalibi olub. O, eyni zamanda elmi bölmədə "Davamlı inkişaf üçün funksional materiallar" mövzusunda məruzə ilə çıxış edərək universitetimizi layiqincə təmsil edib.

Konfransda ADNSU-nu təmsil edən Ağacamal Aslanov isə dəniz neft-qaz layihələrinin davamlı inkişafına həsr olunmuş genişmiqyaslı mövzu ilə diqqət çəkib. O, "Nəqliyyat sistemləri və dəniz xidmətlərinin inkişafı vasitəsilə dəniz neft və qaz layihələrinin davamlı artımı. Dəniz layihələri və nəqliyyat logistikası: Neft-qaz sənayesində davamlı artım və dəniz logistikası üçün innovasiyalar" bölməsi üzrə çıxış edərək mövzu ilə bağlı mühüm məqamları iştirakçıların diqqətinə çatdırıb.

Konfransda iştirak edən tələbələr elmi sessiyadakı fəal iştiraklarına və uğurlu təqdimatlarına görə xüsusi sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, tələbələrimizin beynəlxalq səviyyəli tədbirlərdə qazandığı bu qələbələr universitetdə elmi fəaliyyətə verilən dəstəyin və akademik mobillik proqramlarının səmərəli nəticəsidir. Universitet rəhbərliyi və kollektivi qalib tələbələrimizi təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.


Paylaş