×

Xəbərlər

Xəbərlər 13 Apr 2026
ADNSU-da “Qeyri-səlis implikasiyanın genişləndirilməsi və onun tətbiqi” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qeyri-səlis implikasiyanın genişləndirilməsi və onun tətbiqi” mövzusunda elmi seminar keçirilib. Seminar universitetin Kompüter mühəndisliyi kafedrasının professoru, texnika elmləri doktoru Lətafət Qardaşova tərəfindən keçirilib.

Seminarın əsas mövzusu qeyri-müəyyən və qeyri-dəqiq məlumatların emalı, eləcə də qərar qəbuletmə proseslərində istifadə olunan qeyri-səlis məntiq metodlarının inkişafına həsr olunub. 

Müasir informasiya sistemlərində qərarların qəbulu çox vaxt qeyri-dəqiq, qeyri-müəyyən və qismən etibarlı məlumatlara əsaslanır. Ənənəvi məntiq sistemləri isə yalnız “doğru” və ya “yanlış” kimi ikili qiymətlər üzərində qurulduğundan bu cür mürəkkəb məlumatların modelləşdirilməsi üçün kifayət etmir. Seminar çərçivəsində qeyri-səlis məntiq və ehtimal yanaşmalarının imkanları, onların məhdudiyyətləri, həmçinin bu sahədə yeni yanaşma kimi Z-ədədlər və Z-qeyri-səlis münasibətlər konsepsiyası müzakirə olunub. Bu yanaşma məlumatın həm qeyri-dəqiqliyini, həm də etibarlılıq səviyyəsini eyni riyazi model daxilində ifadə etməyə imkan verir. Təqdimat zamanı qeyri-səlis implikasiyanın genişləndirilməsi, Z-implikasiya modelləri və Z-qaydalara əsaslanan təxmini nəticəçıxarma metodları haqqında ətraflı məlumat verilib. Həmçinin bu metodların qərar qəbuletmə sistemləri, məlumat analizi, tibb, idarəetmə və intellektual idarəetmə sistemlərində tətbiq imkanları da müzakirə edilib.

Seminarın əsas məqsədi qeyri-müəyyən məlumatlarla işləyən intellektual sistemlər üçün yeni riyazi modellərin təqdim edilməsi və bu sahədə aparılan müasir elmi tədqiqat istiqamətlərinin iştirakçılara çatdırılması olub.

Qeyd edək ki, professor Lətafət Qardaşova Azərbaycanın tanınmış alimlərindən biridir. O, texnika elmləri doktoru, professor və Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülub. Onun elmi fəaliyyəti intellektual idarəetmə sistemləri, qeyri-səlis məntiq və qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə metodlarının tədqiqinə həsr olunub. Professor Lətafət Qardaşova 3 monoqrafiyanın, 200-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

Seminarda informatika, data elmi, süni intellekt və qərar qəbuletmə sistemləri sahələrinə maraq göstərən tələbələr, eləcə də akademik heyət iştirak edib.


Paylaş