Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura səviyyəsində “Robotlar və robototexniki sistemlər” ixtisası üzrə təhsil alan Sadiqli Vüqar beynəlxalq uğura imza atıb.
Belə ki, Yunanıstanın Krit adasının Heraklion şəhərində keçirilən “Minoan Robotsports” Beynəlxalq Olimpiadasında tələbəmiz “Maneəli yarış:advanced” kateqoriyası üzrə böyüklər yaş qrupunda birinci yerə layiq görülərək qalib adını qazanıb. “Maneəli yarış” kateqoriyasında komandalar yarış zamanı insan müdaxiləsi olmadan müstəqil şəkildə arena daxilində hərəkət edən və fiziki maneələri aşan avtonom robotlar hazırlayırlar.
Qeyd edək ki, dünyanın ən nüfuzlu təhsil robototexnikası yarışmalarından biri olan bu olimpiadada 45-dən çox ölkəni təmsil edən 5000-dən artıq iştirakçı 2500-dən çox robotla 30-dan artıq kateqoriyada mübarizə aparıb. Yarış çərçivəsində iştirakçıların mühəndislik, proqramlaşdırma və problem həlli bacarıqları yüksək səviyyədə qiymətləndirilib.
Tələbəmizi bu mühüm nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!