Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qadınların sahibkarlıq düşüncəsini gücləndirməyi və innovativ ideyaları real biznes modellərinə çevirməyi hədəfləyən “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim görüşü uğurla həyata keçirilib.
Ölkənin lider mobil operatoru Azercell-in dəstəyi, ADNSU-nun tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə icra olunan layihə çərçivəsində təşkil edilən bu təlim “Biznes planlaşdırma və strategiya” mövzusuna həsr olunub.
Təlim Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü tərəfindən təqdim edilib. İki gün davam edən sessiyalar zamanı iştirakçılara sahibkarlıq
ideyasının formalaşdırılması, biznes model kanvasın qurulması, bazar və resurs analizləri,
eləcə də SWOT analizi kimi mühüm alətlər praktiki nümunələr əsasında izah olunub.
İnteraktiv və tətbiqyönümlü formatda keçirilən təlim çərçivəsində iştirakçılar öz ideyaları
üzərində işləyərək biznes plan strukturunu qurmaq, strateji düşüncə modelini tətbiq etmək və ideyanı bazar tələblərinə uyğunlaşdırmaq bacarıqları əldə ediblər. Qeyd edək ki, layihə Azercell-in qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir. Layihə müddətində müxtəlif istiqamətlər üzrə ekspertlərin iştirakı ilə silsilə təlimlərin keçirilməsi davam etdirilir.