Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE 2” İnkubasiya proqramı çərçivəsində təlim sessiyaları uğurla davam edir. Proqram çərçivəsində növbəti təlim “Dizayn düşüncəsi və məhsul dizaynı” mövzusunda təşkil olunub və ADNSU-nun Startap və Texnologiya Transferi Ofisinin aparıcı mütəxəssisi Adilə Həbibova tərəfindən keçirilib.
Təlim zamanı iştirakçılara dizayn düşüncəsi metodologiyasının mərhələləri – empatiya, problemin müəyyənləşdirilməsi, ideyaların yaradılması, prototipin hazırlanması və test etmə prosesləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, istifadəçi təcrübəsi prinsipləri, müştəri səyahəti xəritəsinin hazırlanması, ilkin dizayn eskizləri və prototipləşdirmə yanaşmaları izah olunub.
Həmçinin təlim çərçivəsində minimal və istifadəçi yönümlü dizayn yanaşması, eləcə də brend kimliyi və vizual üslubun formalaşdırılması kimi mövzular praktiki nümunələr əsasında təqdim edilib.
Sessiya interaktiv formatda təşkil edilərək müzakirələr, praktiki tapşırıqlar və iştirakçıların ideyaları üzərində aparılan analizlərlə davam etdirilib. Təlim zamanı iştirakçılar öz ideyalarını ilkin məhsul konsepsiyasına çevirmək, onları prototipləşdirmək və istifadəçi ehtiyaclarına uyğunlaşdırmaq imkanı əldə ediblər.
Qeyd edək ki, təlimin əsas məqsədi komandaların istifadəçi yönümlü düşüncə tərzini inkişaf etdirmək, ideyaların məhsul dizaynına çevrilməsi və ilkin prototiplərin hazırlanması sahəsində praktiki bilik və bacarıqların artırılmasına töhfə vermək olub.