Aprelin 15-dən 21-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi fəaliyyət göstərəcək.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan şəhərsalma və memarlığının inkişaf tarixi, həmçinin Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı, bu istiqamətdə elmi-tədqiqatların inkişafı, əlverişli infrastrukturun formalaşdırılması, ölkə başçısının rəhbərliyi ilə son illərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri əks olunub.
Eyni zamanda sərgidə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühitinin və tarixi simasının bərpa olunaraq dirçəldilməsi kimi mövzuları əks etdirən nümunələr, ümumilikdə 50-dən çox nəşr nümayiş etdirilir.