×

Xəbərlər

Xəbərlər 16 Apr 2026
Akkreditasiya və Keyfiyyət Təminatı şöbəsinin tələbələrlə növbəti görüşü keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Akkreditasiya və Keyfiyyət Təminatı (AKT) şöbəsinin təşkilatçılığı ilə tələbələrlə növbəti görüş keçirilib.

Neft-mexanika fakültəsinin tələbələri ilə təşkil olunan görüşün əsas məqsədi təhsilalanları şöbənin fəaliyyət istiqamətləri barədə məlumatlandırmaq, həmçinin onların iştirakı ilə keçirilmiş sorğuların nəticələrini müzakirə etmək olub.

Görüş zamanı AKT şöbəsinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, şöbə universitetdə tədris və idarəetmə proseslərinin keyfiyyətinin təmin olunması, daxili keyfiyyət təminatı mexanizmlərinin formalaşdırılması və tətbiqi, eləcə də akkreditasiya proseslərinin koordinasiyası istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, tələbə məmnuniyyətinin ölçülməsi, müəllim-tələbə münasibətlərinin inkişafı və keyfiyyət mədəniyyətinin təşviqi də prioritetlər sırasında yer alır.

Qeyd olunub ki, keyfiyyətin davamlı təmin edilməsi və tələbələrlə açıq dialoqun qurulması məqsədilə “açıq qapı” günləri, mütəmadi sorğular, müsahibələr, dərs izləmələri və “təkliflər qutusu” kimi mexanizmlər tətbiq olunur.

Tədbirdə sorğu nəticələrinin ətraflı təhlil edildiyi və tələbələrin rəy və təkliflərinin qərarların qəbulunda mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, əldə olunan nəticələr əsasında tədris prosesinin və ümumi xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü addımlar atılıb.

Eyni zamanda, tələbələrin sorğularda aktiv iştirakının əhəmiyyəti xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, keyfiyyət mədəniyyətinin formalaşması yalnız inzibati tədbirlərlə deyil, tələbələrin fəal mövqeyi və geribildirimləri ilə mümkündür.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələr öz fikirlərini bölüşərək müxtəlif təkliflərlə çıxış ediblər. Sonda bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb və tələbələr daha aktiv iştirak etməyə dəvət olunublar.


Paylaş