16-17 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təşkil olunan görüşlər çərçivəsində Bakı şəhərində yerləşən 18 nömrəli tam orta məktəb və 20 nömrəli tam orta məktəb-liseydə şagirdlərlə növbəti maarifləndirici tədbir keçiriblər.
ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin təşəbbüsü ilə reallaşan görüşlərin əsas məqsədi məktəbliləri universitet mühiti ilə yaxından tanış etmək, onların ali təhsil haqqında məlumatlılığını artırmaq və ixtisas seçimi prosesində istiqamət verməkdən ibarətdir.
Tədbirdə çıxış edən Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova ADNSU-da tətbiq olunan təhsil proqramları, tələbələr üçün yaradılmış şərait, eləcə də universitetin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O, həmçinin müasir dövrdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıb.
Bundan əlavə, universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri, təcrübəli müəllimləri çıxış edərək ADNSU-nun tarixi, qəbul şərtləri, mövcud ixtisaslar, tədris prosesinin təşkili, ikili diplom proqramları, SABAH qrupları və digər təhsil imkanları barədə geniş məlumat veriblər.
Görüş çərçivəsində şagirdlərə universitetin fəaliyyəti, tədris mühiti və kampus həyatı ilə bağlı təqdimat nümayiş olunub, infotur vasitəsilə ADNSU-nun infrastrukturu və imkanları haqqında əyani məlumat verilib.
İnteraktiv şəkildə davam edən görüş zamanı şagirdlər onları maraqlandıran sualları ünvanlayıb, ali təhsil və gələcək peşə seçimi ilə bağlı dolğun cavablar əldə ediblər.
Sonda fəal iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub və bu tip görüşlərin davam etdiriləcəyi qeyd edilib.