Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri növbəti mühüm beynəlxalq elmi uğura imza atıblar. Belə ki, universitetin 16 tələbəsinin və ADNSU-nun SABAH Mərkəzinin rəhbəri Arzu İbrahimovanın müəllifi olduğu elmi məqalələr Scopus bazasında indekslənən Q4 kateqoriyalı “Beynəlxalq Astronavtika Konqresi konfrans materialları toplusu”nda (IAC, International Astronautical Congress, 2025) çap olunub.
Sözügedən məqalələr ADNSU-nun Azərkosmos-un nəzdində fəaliyyət göstərən Kosmik Akademiya ilə əməkdaşlığı çərçivəsində tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və beynəlxalq tədqiqat mühitinə inteqrasiyası istiqamətində görülən ardıcıl işlərin uğurlu nəticəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, bu elmi işlərin əsası ötən il Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) qoyulub. Həmin konqres çərçivəsində ADNSU tələbələri öz tədqiqatlarını beynəlxalq auditoriyaya təqdim edərək mühüm elmi platformada uğurla çıxış ediblər. Sonrakı mərhələdə bu tədqiqatların bir hissəsi beynəlxalq elmi nəşrlərdə dərc olunaraq Scopus bazasında indekslənib.
Eyni zamanda, Beynəlxalq Astronavtika Konqresinin konfrans materialları toplusu (IAC 2025 Proceedings) də Scopus bazasında Q4 kateqoriyalı nəşr kimi yer alır. Bu isə tələbələrin iştirak etdiyi elmi platformanın da beynəlxalq akademik mühitdə tanınan və istinad olunan nüfuzlu elmi məkan olduğunu göstərir.