Aprelin 17-də ADNSU-da qadınların liderlik, əməkdaşlıq və ünsiyyət bacarıqlarının gücləndirilməsini hədəfləyən "FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə icra olunan layihə çərçivəsində baş tutan təlim “Effektiv kommunikasiya və komanda İşi” mövzusuna həsr edilib.
Təlim ADNSU-nun Startap və Texnologiya Transferi Ofisinin baş mütəxəssisi Aysel Sadıqova tərəfindən interaktiv formatda təqdim olunub.
Sessiya zamanı fasilitasiya bacarıqları, münaqişələrin idarə olunması, əməkdaşlıq mədəniyyətinin formalaşdırılması, komanda daxilində effektiv ünsiyyətin qurulması və ortaq məqsəd ətrafında birgə fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Praktiki tapşırıqlar və qrup işləri iştirakçıların komanda işi bacarıqlarını inkişaf etdirməsinə və real situasiyalar üzərində tətbiqinə şərait yaradıb.
Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir. Layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili davam edir.