Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə özfəaliyyət kollektivlərinin baxış konserti təşkil olunub. Konsert ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq müsabiqə-festivalına hazırlıq məqsədi ilə keçirilib.
Baxış konsertinin əsas məqsədi tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq, onların incəsənətə marağını artırmaq və qarşıdan gələn festivalda iştirak edəcək ən yaxşı çıxışları müəyyənləşdirmək olub. Tədbirdə müxtəlif fakültələri təmsil edən tələbələr rəqs, vokal və instrumental ifalarla yanaşı, bədii qiraət nümunələri ilə də çıxış ediblər. Səhnədə təqdim olunan nömrələr milli-mənəvi dəyərlərin təbliği ilə yanaşı, müasir incəsənət elementlərini də əks etdirib.
Münsiflər heyətində Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artist Rəşad Həşımov, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və ustad tarzən Arslan Növrəsli yer alıb.
Onlar iştirakçıların səhnə mədəniyyəti, ifa texnikası və yaradıcılıq yanaşmasını nəzərə alaraq çıxışlara münasibət bildiriblər. Konsert proqramında universitetin “Gənclik” mahnı və rəqs ansamblının çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, müsabiqə-festivalın yekun mərhələsi və qaliblərin mükafatlandırılması məqsədilə təşkil olunacaq yekun konsert mayın 8-də keçiriləcək.