×

Xəbərlər

Xəbərlər 21 Apr 2026
ADNSU-da “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” təlimini uğurla başa vuran tələbələrə sertifikat təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə (ADNSU) tələbələr üçün təşkil olunan “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda ödənişsiz təlim proqramı uğurla başa çatıb.

Təlim Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. İki gün davam edən və 6 sessiyadan ibarət proqramın yekun mərhələsi aprelin 20-də baş tutub.

Təlimlər Mərkəzi Bankın müvafiq struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Belə ki, Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin aparıcı mütəxəssisi Murad Tağıyev, Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin aparıcı mütəxəssisi Vaqif Quliyev, Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin böyük mütəxəssisi Cavid Səlimzadə, Data idarəedilməsi şöbəsinin mütəxəssisi Günel Hüseynli, Data analitikası bölməsinin aparıcı data mühəndisi Tünzalə Muradzadə və Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsinin mütəxəssisi Bayram Yusifov proqram çərçivəsində tələbələrə təlim keçiblər.

Proqram müddətində iştirakçılara açıq bankçılıq və açıq maliyyə, xüsusi tənzimləmə rejimləri, virtual aktivlər, data əsaslı iqtisadiyyat, ödəniş sistemlərində innovasiyalar, həmçinin rəqəmsal maliyyə xidmətlərində fırıldaqçılıq kimi aktual mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olunub.

Təlimdə əsasən informasiya texnologiyaları, maliyyə texnologiyaları, iqtisadiyyat və mühəndislik sahələri üzrə təhsil alan tələbələr iştirak ediblər. İştirakçılar proqram çərçivəsində sahə üzrə qabaqcıl təcrübə ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Yekun mərhələdə tələbələr əldə etdikləri biliklər əsasında hazırladıqları təqdimatlarla çıxış edərək müasir maliyyə texnologiyaları və rəqəmsal transformasiya sahəsində yanaşmalarını nümayiş etdiriblər.

Təlimin son günündə keçirilən sertifikatların təqdimetmə mərasimində ADNSU-nun elmi və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov, Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, həmçinin Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi və Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin müdiri Sahib Həsənov iştirak ediblər.

Çıxışlar zamanı təlim yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür təşəbbüslər gənclərin maliyyə texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun kadr kimi formalaşmasına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda təlimi uğurla başa vuran iştirakçılara Mərkəzi Bank tərəfindən rəsmi sertifikatlar təqdim olunub.


Paylaş