×

Xəbərlər

Xəbərlər 21 Apr 2026
“FutureFem 2.0-Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində keçirilən növbəti təlim  “İctimai çıxış və təqdimat bacarıqları” mövzusuna həsr olunub

Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qadınların öz ideyalarını inamla təqdim etməsi və auditoriya qarşısında peşəkar çıxış bacarıqlarını inkişaf etdirməsi məqsədilə “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.

Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, ADNSU-nun tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində keçirilən təlim “İctimai çıxış və təqdimat bacarıqları” mövzusuna həsr edilib. Təlim, ADNSU-nun Startap və Texnologiya Transferi Ofisinin rəhbəri Əhməd Əhmədzadə tərəfindən təqdim olunub.

Sessiya zamanı təqdimat çıxışlarına hazırlıq mərhələləri, effektiv təqdimat strukturunun qurulması, auditoriya ilə əlaqənin yaradılması, bədən dili, nitq tempi və mesajın aydın çatdırılması kimi mühüm məqamlara toxunulub. Praktiki məşğələlər vasitəsilə iştirakçılar öz təqdimat bacarıqlarını sınaqdan keçirərək fərdi geribildirimlər əldə ediblər. Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili davam etdirilir.


Paylaş