Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Keyfiyyətə nəzarət və metrologiya” fənni üzrə mühazirə dərsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri tərəfindən təşkil olunub.
“Cihaz mühəndisliyi” kafedrasının dəstəyi ilə baş tutan tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin reyestr və sertifikatlaşdırma sektorunun müdiri Yunus Hüseynov, İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Aydan Axundova, ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, fənn müəllimi, dosent Maya Kərimova və digər əməkdaşlar iştirak ediblər.
Mühazirə zamanı Yunus Hüseynov fənnin sillabusuna uyğun olaraq keyfiyyət infrastrukturu, onun iqtisadi əhəmiyyəti, əsas obyektləri, bu sahədə mövcud normativ-hüquqi baza, eləcə də “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı” barədə geniş məlumat verib. O, həmçinin Agentliyin tabeliyində fəaliyyət göstərən qurumlar haqqında danışıb və tələbələri maraqlandıran sualları cavablandırıb.
Mühazirə dərsindən sonra qonaqlar universitetdə şəhidlərimizin abidəsini ziyarət ediblər, Mineralogiya muzeyində olublar.
Qeyd edək ki, 2022-ci il iyunun 11-dən ADNSU ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu sənəd tərəflər arasında elmi-tədris və praktiki sahələrdə birgə fəaliyyətin genişləndirilməsinə xidmət edir.