Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İschool Təhsil Mərkəzinin təşkilatçılığı ilə 3-cü “KÖRPÜ” təqaüd proqramı iləə bağlı geniş infosessiya keçirilib.
ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunan tədbir xaricdə təhsil almağı hədəfləyən şagird və tələbələr üçün nəzərdə tutulub. Görüş zamanı İschool Təhsil Mərkəzinin icraçı direktoru Cabbar Cəlilov iştirakçılara proqramın detalları barədə ətraflı məlumat verib.
İnfosessiya çərçivəsində həmçinin “KÖRPÜ” təqaüd proqramının məqsədi və üstünlükləri, müraciət üçün tələblər və uyğunluq meyarları, eləcə də seçim mərhələləri və qiymətləndirmə prosesi barədə təqdimatlar keçirilib.
Bundan əlavə, iştirakçılara xaricdə təhsil üçün sənədləşmə və müraciət addımları, motivasiya və tövsiyə məktublarının hazırlanması qaydaları izah olunub.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və proqramla bağlı əlavə izahlar təqdim olunub.