Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, Əməkdar elm xadimi, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev və kafedranın doktorantı Rüstəm Eyniyev M. Auezov adına Cənubi Qazaxıstan Tədqiqat Universitetində keçirilən Qazaxıstan Riyaziyyatçılarının Birinci Konqresində iştirak ediblər.
Çimkənd şəhərində təşkil olunan konqres çərçivəsində altı konfrans keçirilib. Tədbirin əsas elmi platformalarından biri hesab olunan Nəzəri riyaziyyat üzrə beynəlxalq konfransın Proqram Komitəsinin üzvü qismində çıxış edən professor Araz Əliyev “On a method of proof of the completeness of derivative chains for a fourth-order polynomial operator pencil” mövzusunda məruzə təqdim edib. O, həmçinin konfransın bölmələrindən birinə sədrlik edib.
Konqres çərçivəsində keçirilən CITech-2026 Beynəlxalq konfransında isə doktorant Rüstəm Eyniyev “Machine learning and deep learning methods for decision-making in educational non-player characters on cardiovascular disease” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı tədqiqatçıların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində professor Araz Əliyev Qazaxıstanın tanınmış alimləri: akademiklər Muxtarbay Otelbayev, Tınısbek Kalmenov, Rıskul Oynarov, Mahmud Sadıbekov və Durvudxan Suragan, həmçinin Gürcüstan Riyaziyyat Cəmiyyətinin prezidenti, akademik Aleksandr Mesxi ilə görüşlər keçirib. Görüşlər zamanı elmi əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə tədqiqatların aparılması istiqamətləri müzakirə olunub.