Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “IDEALISE 2” inkubasiya proqramı çərçivəsində “Layihələrin idarəedilməsi və risk analizi” mövzusunda təlim keçirilib. Təlim Strategiya və Biznes Layihə meneceri Asiya Rüstəmova tərəfindən aparılıb.
Sessiya zamanı iştirakçılara layihələrin effektiv idarə olunması üsulları, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi mexanizmləri, risklərin azaldılması strategiyaları, eləcə də layihə prosesində düzgün qərarvermə yanaşmaları barədə geniş məlumat təqdim olunub. Təlim çərçivəsində nəzəri biliklərlə yanaşı, praktik nümunələr əsasında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimin əsas məqsədi komandaların layihələri daha sistemli şəkildə idarə etmə bacarıqlarını inkişaf etdirmək, mümkün riskləri əvvəlcədən təhlil edərək düzgün qərarlar qəbul etmələrinə dəstək olmaq və ümumilikdə layihələrin uğur göstəricilərini artırmaq olub.
Qeyd edək ki, “IDEALISE 2” proqramı çərçivəsində təşkil olunan bu cür təlimlər iştirakçıların bilik və bacarıqlarının gücləndirilməsinə, onların real layihə mühitinə daha hazırlıqlı daxil olmalarına mühüm töhfə verir.