Qadınların innovasiya və sahibkarlıq mühitində daha fəal rol almasını hədəfləyən “FutureFem 2.0 – Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim görüşü Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub.
Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində baş tutan təlim “İnnovativ və sosial layihələrin effektiv idarə edilməsi” mövzusuna həsr olunub. Təlim layihələrin idarə edilməsi üzrə baş mütəxəssis Gülpəri Muradova tərəfindən keçirilib. Sessiya zamanı iştirakçılara layihələrin planlaşdırılması, resursların düzgün bölüşdürülməsi, risklərin idarə olunması, sosial təsirin ölçülməsi və nəticəyönümlü yanaşmanın formalaşdırılması istiqamətində ətraflı məlumat verilib. Praktiki tapşırıqlar və real hadisələr üzərində aparılan müzakirələr iştirakçıların layihə düşüncə tərzini inkişaf etdirməyə və nəzəri biliklərini tətbiq etməyə imkan yaradıb.
Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə təlimlərin davam etdirilməsi nəzərdə tutulub.