Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 7 may 2026-cı il tarixində saat 16:30-da 250-ci otaqda “Orogen ön hövzələrində maye miqrasiyasının zaman miqyası” mövzusunda seminar təşkil olunacaq.
Seminarın məruzəçisi BP Azərbaycan şirkətinin geoloqu Əkbər Hüseynovdur. O, Vrije Universiteit Amsterdam universitetində fəlsəfə doktoru (PhD) dərəcəsi alıb və FluidNET Consortium çərçivəsində “Marie Curie Actions” (H2020) İnnovativ Təlim Şəbəkəsinin təqaüdçüsü olub. Əkbər Hüseynov struktur geologiya və damarların geokimyası sahəsində ixtisaslaşıb.
Seminar çərçivəsində Avropada filiz əmələgəlməsi ilə bağlı mühüm geoloji hadisələrdən biri hesab olunan Variskan orogeniya prosesi ilə əlaqəli maye axınları araşdırılacaq. Tədqiqat Almaniya və Portuqaliya ərazilərində yerləşən Variskan ön hövzələrində kvars damarlarının sahə xəritələnməsi, geokimyəvi, izotop və geoxronoloji metodlarla təhlili əsasında aparılıb.
Qeyd edək ki, seminar iştirakçılar üçün geologiya, tektonika və geokimya sahəsində müasir elmi yanaşmalarla tanış olmaq, həmçinin beynəlxalq təcrübəyə əsaslanan tədqiqat nəticələri barədə məlumat əldə etmək baxımından maraqlı olacaq.
Tədbirdə iştirak üçün qeydiyyat üçün keçid: https://forms.gle/6WnmyGkyDkNVsBmXA