×

Xəbərlər

Xəbərlər 24 Apr 2026
ADNSU-da startap ekosisteminə dair mühazirə keçirilib

Aprel 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Universitetlə iş dünyası arasında qarşılıqlı təcrübi-tədris yolu ilə biliklərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində qonaq mühazirə təşkil olunub.

ADNSU-nun “Menecment” kafedrasının təşkilatçılğı ilə keçirilən mühazirə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovasiyalar Mərkəzinin direktoru Aysel Cəbrayılova tərəfindən aparılıb.

Qonaq mütəxəssis “İnvestisiya menecmenti” fənni üzrə “Startap ekosistemində uğur strategiyaları” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə zamanı rəqəmsallaşmanın sürətli inkişafı fonunda menecment sahəsində baş verən transformasiyalar geniş şəkildə təhlil olunub. Ənənəvi idarəetmə modellərindən rəqəmsal platformalara keçidin biznes mühitinə təsiri diqqətə çatdırılıb.

Sosial media platformaları müasir biznes subyektləri üçün artıq yalnız kommunikasiya vasitəsi deyil, həm də effektiv marketinq və brend quruculuğu alətinə çevrildiyi vurğulanıb.

Eyni zamanda, tələbələrə əmək bazarının cari tələbləri, artan rəqabət mühiti və uğurlu karyera üçün vacib olan bacarıqlar barədə ətraflı məlumat verilib, onların peşəkar inkişaf istiqamətləri müzakirə olunub.

Tədbirdə bu kimi təcrübi dərslərin tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirərək onların gələcək karyera imkanlarını genişləndirdiyi qeyd edilib.


Paylaş