Qadınların sahibkarlıq yolunda bazarı düzgün oxumaq, brend qurmaq və satış strategiyalarını formalaşdırmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə “FutureFem 2.0 –Qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində növbəti təlim görüşü təşkil olunub.
Ölkənin lider mobil operatoru Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində baş tutan təlim “Marketinq və satış strategiyası” mövzusuna həsr olunub. Təlim PAŞA Bank əməkdaşı Şəhla Alxanzadə tərəfindən təqdim edilib. Sessiya zamanı brendin formalaşdırılması, müştəri seqmentasiyası, bazar təhlili, hədəf auditoriyanın düzgün müəyyənləşdirilməsi və satış strategiyalarının qurulması istiqamətində iştirakçılara ətraflı məlumat verilib. Praktiki nümunələr və müzakirələr vasitəsilə iştirakçılar bazar yanaşmasını daha sistemli şəkildə anlamaq və tətbiq etmək imkanı əldə ediblər.
Qeyd edək ki, layihə Azercellin qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir və layihə müddətində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə təlimlərin təşkili davam edir.