Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyən gənclər üçün xüsusi tədbir təşkil olunub. “CyberBridge” Texnologiya və İnnovasiya Təşəbbüsü, Azərbaycan İnnovasiya Mərkəzi və ADNSU Startup və İnnovasiyalar Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsinə maraq göstərən gəncləri sektorun aparıcı mütəxəssisləri ilə bir araya gətirmək, onlara real iş mühitini yaxından tanıtmaq və peşəkar şəbəkələşmə imkanları yaratmaq olub.
Gənclərlə mütəxəssislərin görüşü praktiki yönümlü proqramı ilə seçilib. Belə ki, iştirakçılar simulyasiya müsahibələrində iştirak edərək real iş müsahibəsi mühitini təcrübədən keçirib, həm texniki biliklərini, həm də kommunikasiya bacarıqlarını sınayıblar. Bununla yanaşı, beynəlxalq standartlara uyğun CV hazırlanması üzrə tövsiyələr təqdim olunub, iştirakçıların rezümeləri fərdi qaydada analiz edilərək onlara peşəkar rəylər verilib.
Tədbirdə müxtəlif qurumları təmsil edən mütəxəssislər çıxış edərək öz təcrübələrini gənclərlə bölüşüblər. Onlar arasında Safura İsayeva (“PAŞA Sığorta” ASC, Xidmət Əməliyyatları Mərkəzinin rəhbəri), Rəşad Zeyvəliyev (İcbari Sığorta Bürosu, informasiya təhlükəsizliyi üzrə baş mühəndis), Abbas Ağayev (“Vuln Corp”, kibertəhlükəsizlik mühəndisi) Ruhiyyə Murtuzova (“Cybernetics” MMC, insan resursları üzrə menecer), Elvin Məmmədzadə (“BNB Security Alliance”, senior penetration tester), Pünhan Qələndərli (“STP Polymer” MMC, insan resursları meneceri) və Fatimə Əliyeva (“KTIB Azerbaijan”, insan resursları üzrə baş mütəxəssis) yer alıblar.
Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, ölkədə kibertəhlükəsizlik sahəsində ixtisaslı kadr potensialının gücləndirilməsinə də töhfə verir.