×

Xəbərlər

Xəbərlər 27 Apr 2026
ADNSU-nun komandası “GreenTech III” startap və yaşıl texnologiyalar müsabiqəsində II yerin qalibi olub

Azərbaycan Texnologiya Universitetində (ATU) regionun ən irimiqyaslı startap yarışlarından biri olan “GreenTech III” startap və yaşıl texnologiyalar müsabiqəsi keçirilib.

Müsabiqənin final mərhələsi ATU, Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı, “Eco Az Energy”, “Coca-Cola”, “ATS Food” MMC, “Bakcell” və Birbankın dəstəyi ilə baş tutub.

Müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda “Alternativ enerji və təmiz dünya”, “Rəqəmsal həllər və robototexnika” və “İnklüziv və sosial innovasiyalar” olmaqla 3 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Ali Neft Məktəbinin “Biosenatorlar”, Milli Aviasiya Akademiyasının “Dəmir qanad” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Ecob” komandaları qazanıblar.

II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Co-Brain Medical” (Komanda üzvləri: Həcər Mehdiyeva, Fərda Babayev) Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin “Nanotech”, Mingəçevir Dövlət Universitetinin “Agrorover” komandaları tutub. 

III yerə Xəzər Universitetinin “Yüksəliş”, Azərbaycan Texnologiya Universitetinin “Termal İnstruksiya” və Azərbaycan Kooperasiya Universitetinin “Kod21” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərə isə Bakı Biznes Universitetinin “Pixel”, Sumqayıt Dövlət Universitetinin “SDU2” və Milli Aviasiya Akademiyasının “Synx Research” komandaları layiq görülüblər.

“Co-Brain” layihəsi fəaliyyətlər zamanı insanların təhlükəsizliyini təmin etməyə yönəlib. Sistem sensor məlumatları və süni intellekt vasitəsilə ətraf mühiti və istifadəçinin vəziyyətini analiz edir, riskləri əvvəlcədən müəyyən edərək istifadəçini və zərurət yarandıqda onun əlaqə saxladığı şəxsləri xəbərdar edir.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.


Paylaş