Aprelin 27-də tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Startup school 4” layihəsi çərçivəsində infosessiya təşkil olunub.
Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, spiker Aydan Hüseynzadə və universitetin Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə çıxış edərək iştirakçılara proqram haqqında ətraflı məlumat veriblər.
Çıxışlarda layihənin məqsədi, iştirak imkanları və startaplar üçün yaradılan beynəlxalq imkanlar təqdim olunub.
Qeyd edilib ki, “Startup School 4” proqramı “Beş qitə – 500 startap” şüarı ilə həyata keçirilir və əsas məqsəd innovativ ideyaların inkişafına dəstək olmaq, startapların qlobal ekosistemə inteqrasiyasını təmin etməkdir.
İnfosessiya çərçivəsində tələbələr və gənc sahibkarlar layihəyə müraciət qaydaları, seçim meyarları və gələcək mərhələlər barədə məlumatlandırılıb. Bildirilib ki, proqram iştirakçılarına beynəlxalq mentorluq, təlimlər və investorlarla əlaqə imkanları təqdim edir.
Sonda iştirakçıların sualları cavablandırılıb və layihəyə qoşulmaq istəyənlər qeydiyyata dəvət olunub.