16 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üzrə sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinə start verilib. Tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirmək məqsədi daşıyan bu prosesə cari tədris ili ərzində ümumilikdə 3000-dən çox tələbə cəlb olunub.
Hazırda tələbələr müxtəlif dövlət və özəl müəssisələrdə istehsalat təcrübəsi keçirlər. Statistikaya əsasən, təcrübəyə cəlb olunanların 2681 nəfərini IV kurs, 234 nəfərini isə qiyabi şöbənin V kurs tələbələri və normativ təhsil müddətini aşmış şəxslər təşkil edir.
Təcrübə proqramı çərçivəsində tələbələr SOCAR və onun tabeliyində fəaliyyət göstərən qurumlar, Balaxanı Oil, Suraxanı Oil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri, AzerGold, SOCAR Upstream, SOCAR Polymer, SOCAR Downstream, UBOC, Baku Steel Company, AIMC, AZCON Holding və onun törəmə qurumları, Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları, Azercell, Norm, RAM Holding, Kapital Bank, Express Bank, Yelo Bank, Aztelekom, CBM Engineering, Developia, Abşeron Logistika, Milla Dairy, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azersun Holding, Veysəloğlu Şirkətlər Qrupu və digər müəssisələrdə praktiki biliklərini artırırlar.
Universitetin Təcrübə şöbəsinin müdiri Zümrüd Hüseynova və şöbə əməkdaşları tərəfindən tələbələrin təcrübə keçdikləri müəssisələrdə mütəmadi monitorinqlər həyata keçirilir. Bu çərçivədə Milla Dairy MMC, SOCAR Downstream, Baku Steel Company QSC, CBM Engineering, Azərbaycan Dəmir Yolları QSC və “Azəristiliktəchizat” ASC-də keçirilən görüşlər zamanı tələbələrin təcrübə prosesi yaxından izlənilib. Aparılan müşahidələr göstərir ki, tələbələr təcrübə şəraitindən və qazandıqları praktiki biliklərdən razıdırlar.
Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin peşəkar hazırlığında mühüm rol oynayır. ADNSU-nun Təcrübə şöbəsinin təşkilatçılığı ilə il ərzində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr dövlət və özəl sektorda praktiki fəaliyyətə cəlb olunurlar. Bu isə onların həm nəzəri, həm də praktiki biliklərinin inkişafına töhfə verir.
Təsadüfü deyildir ki, universitet məzunlarının 80 faizdən çoxu məzun olduqdan dərhal sonra daimi işlə təmin olunur ki, bu da təhsil müddətində əldə olunan praktik təcrübənin əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis hazırlığında mühüm rol oynadığını bir daha təsdiqləyir.